“Şuşa hər
birimizin qapısı bağlı evidir”
Qarabağ
həsrəti və sevgisinə həsr olunmuş “Ya
Qarabağ, Ya Ölüm” adlı filmin təqdimat mərasimi
keçirildi
Bu gün
“Kaspi” qəzeti və Azərbaycan Mətbuat
Şurasının təşkilatçılığı,
Xocavənd rayon İcra Hakimiyyətinin təşəbbüsü
ilə çəkilən “Ya Qarabağ, Ya Ölüm”
adlı filmin təqdimat mərasimi keçirildi. Filmdə
tanınmış şairə Sona Vəliyevanın vətən,
yurd həsrətli şeirlərindən istifadə olunub.
Professor Səyavuş
Kəriminin Şuşaya səfər təəssüratları,
Əhməd Şəfəqin “Qarabağ” və “Sarı gəlin”
mahnıları, Ozan arifin “Ya Qarabağ, ya ölüm”
şeiri, Mənsum İbrahimov və Səadət
Cavadovanın ifasında “Qarabağ şikəstəsi”, Şəmistan
Əlizamanlının ifasında Əsəd Kabaklının
“Çabuk böyü, çabuk yetiş, tez oğlum”
mahnıları, Bakıda Cıdır meydanında Qarabağ
atlarının yetişdirənlərin arzuları da filmdə
təqdim edilir.
Tədbiri
giriş sözü ilə açan Mətbuat
Şurasının sədri Əflatun Amaşov film haqqında
qısa məlumat verərək, onun Azərbaycan mədəniyyəti,
işğala məruz qalan torpaqlar və Qarabağ
atlarından bəhs etdiyini söylədi. Onun sözlərinə
görə, hazırlanan film Qarabağımızın maddi sərvəti
və Azərbaycanın fəxri olan Qarabağ atları və
işğal olunmuş torpaqlarımıza yetişmək istəyən
ürəklər haqqındadır: “Filmin ana xətti vətənə
sevgi, məhəbbət üzərində qurulub. Yaradıcılığımızda
müxtəlif mövzulu əsərlər yaratmaq olar. Lakin həmin
əsərlərin ana xəttini vətənə sevgi təşkil
etməsə, o əsər uzun müddət yaşaya bilməz.
Bu film də vətənlə, işğal olunmuş
torpaqlarımız, Qarabağ atları, mədəniyyətimiz
və tariximizlə bağlıdır”.
Bundan
sonra tədbir 45 dəqiqəlik filmin nümayişi ilə
davam etdi. Filmdə Milli Konservatoriyanın rektoru, professor Səyavuş
Kəriminin 2009-cu ildə bir qrup ziyalı ilə Şuşa
şəhərinə səfərləri və səfərlə
bağlı təəssüratlarını özündə əks
etdirir. Xalq artisti Mənsum İbrahimov Məcnun obrazında
öz möhtəşəm səsi ilə filmi müşayiət
edir. Xocavənd qəsəbəsində, Dağlıq
Qarabağın ərazisi olan Nərgiz Təpədə
qaçqın şəhərciyində aparılan çəkilişlərdə
müharibədə övladlarının itirmiş
yaşlı valideynlərin vətən, yurd, torpaq sevgilərinin
önəmi filmdə diqqətə çatdırılır.
Filmdə geniş yer ayrılan Qarabağ atları, murad olmaqla
yanaşı, igidlik simvolu kimi də təqdim olunur.
Filologiya
üzrə fəlsəfə doktoru Sona Vəliyeva öz
çıxışı zamanı filmdə əsas obraz kimi
canlandırılan Qarabağ atlarını güc simvolu kimi dəyərləndirdiyini
qeyd etdi. O, atı ilk dəfə türklərin əhliləşdirdiyini,
hər şeydən öncə atın
türkçülüyün ifadəsi olduğunu bildirdi:
“Şuşa hər birimizin yaralı yeridir.
Düşünürəm ki, Şuşa alınandan sonra hər
kəs öz yarasından azad olacaq. Biz gözümüzü
açandan “Qarabağ şikəstəsi”-nə qulaq
asmışıq. Bu mahnıda çox böyük bir
yanğı və vətən həsrəti öz əksini
tapır. Hər zaman düşünürəm ki, niyə
Şuşanın çiçəklənən zamanında
belə yanğılı mahnı oxunur? Özlüyümdə
belə cavab verirəm ki, Şuşanın hər zaman
düşmənlə üz-üzə durması, namərdlərin
gətirilib, Şuşanın qoynunda yerləşdirilməsi
sanki onun taleyi idi. “Qarabağ şikəstəsi”ndə
Şuşa, sanki öz taleyini görürdü. İstərdim
ki, biz Şuşanı tezliklə alaq və içimizdəki
bu yanğıya son qoyaq. Biz bu gün həddən artıq
qonaqpərvərliyin, laqeydliyin, səmimiyyətimizin,
unutqanlığımızın cəzasını çəkirik.
Bu torpaqlara layiq olmayan bir millətə o münasibəti
göstərdiyimiz üçün onun cəzasını
çəkirik. 1828-ci ildən bu yana beynində, ruhunda
murdarlıq gəzdirən xain millətin cənnət hesab
olunan məkanlarda yerləşdirilməsinə imkan
vermişik. Onların torpaqlarımıza
köçürüldüyü gün millət kimi ya buna
imkan verməyərək ölməliydik, ya da qalib gələrək
qalmalıydıq. Şuşa Azərbaycan mədəniyyətinin
yüksək zirvəsidir. Mən Şuşanı heç
zaman görməmişəm. Ancaq mənə elə gəlir
ki, Şuşa mənim evimdir. Şeirlərimin birində qeyd
etmişəm ki, Şuşada mənim bir evim var. Onun
qapısını bağlayıb, açarı ələ
keçməsin deyə ürəyimdə gizləmişəm.
Şuşa hər birimizin qapısı bağlanan bir evidir.
Torpaq itkisi elə bir şeydir ki, bu məsələdə millət
iqtidarından, müxalifətindən asılı olmayaraq,
birləşməlidir. Hamı vətən üçün,
hamı Şuşa üçün mübarizə
aparmalıdır. Şuşa gözləsin, biz gələcəyik.
Ümid edirəm ki, biz Şuşaya qalib kimi dönərik.
Allah-təala o qələbə gününü bizə qismət
etsin!”
Türkiyənin
ölkəmizdəki səfirliyinin mədəniyyət və
təbliğ üzrə müşaviri Seyid Əhməd Arslan
insanın övladsız və valideynlərsiz yaşaya
bildiyini, ancaq vətənsiz yaşaya bilmədiyini söylədi:
“Bu gün biz Qarabağa həsrətik. Qarabağ türk millətinin
içərisində qanayan bir yaradır. Qanayaraq göynəyən
həmin yaraya yalnız Qarabağın geri qaytarılması məlhəm
ola bilər. Qarabağ öz gözəlliyi ilə hər kəsi
özünə heyran edib. Onun işğalı həm
türklərin, həm də azərilərin ağrı yeri
hesab olunur. Qarabağ türk millətinin həyatına
çox şey qatıb. Mən bütün dualarımda
qısa zaman içərisində Azərbaycan sərhədlərini
tam bərpa olunmuş şəkildə görməyi
arzulayıram. Ermənilər Azərbaycan torpaqlarını
qanunsuz şəkildə zəbt ediblər. Hər keçən
gün Qarabağ həsrəti ilə yaşayan Azərbaycana
hər zaman dəstək göstərməyə və mənəvi
borcumuzu yerinə yetirməyə hazırıq. Azərbaycanın
işğal olunmuş torpaqlarının geri
qaytarılmasını və dövlətin tam şəkildə
fəaliyyət göstərməsini arzulayıram”.
Azəri-Türk
Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı
filmdən zövq aldığını, eyni zamanda kədərləndiyini
və duyğulandığını qeyd etdi. T. Rüstəmxanlı
tədbir iştirakçılarına filmi gözəl sənət
əsəri kimi dəyərləndirdiyini söylədi: “
Filmi izləyərkən bir anlıq Şuşaya getdim. “Ya
Qarabağ, Ya Ölüm” filmi gözəl bir təbliğat
vasitəsidir. Bu gün buna çox ehtiyacımız var. Filmdə
at bir simvol xarakteri daşıyır. Ümumiyyətlə,
40-45 dəqiqəlik bir filmin içərisinə o qədər
məna sığdırmaq insandan həm bacarıq, həm də
səriştə tələb edir. At sadəcə, simvoldur,
onun arxasında vətən sevgisi, vətən
ağrısı dayanır. Filmdə “Sarı gəlin”-in təqdim
olunması hər şeyi özününküləşdirməyə
cəhd edən ermənilərə bir cavabdır. Sarı
geyimli Azərbaycan övladının simvolik olaraq azəri
qızını canlandırması məncə, öz yerinə
düşdü. Filmdə Əhməd Şəfəqin dilindən
qeyd olunan “Vətənin o başı, bu başı olmaz. Vətən
elə vətəndir. Xarı bülbül yalnız
Qarabağ torpaqlarında yetişir” kimi fikirləri hər bir
vətənpərvərin qəlbini oxşadı. Bizim gənclərin
belə filmlərə ehtiyacı var. Filmdə güllələnən
heykəlləri görən gənclər ən azından
qarşılarına məqsəd qoymalıdırlar ki, kinli,
küdurətli, içi nifrət dolu düşmənləri
var. Ermənilər o qədər kinlidirlər ki, hətta
daş heykəllərdən belə qisas almağa
çalışırlar. Əslində bu bir millət
üçün böyük faciədir. Ermənilər
övladlarını o qədər nifrət hissi ilə
yetişdiriblər ki, onlar bir sənət əsərinə
ziyan yetirməyə göz yumurlar. Şuşa bizim
konservatoriyamızdır. Çünki ən gözəl səslər,
ən gözəl sənətlər Şuşada yetişib.
Filmdə böyük bir vətən sevgisi gördüm. Filmi
ərsəyə gətirən hər kəsə minnətdarlığımı
bildirirəm. Bu, hər kəsə örnək ola biləcək
bir təşəbbüsdür”.
Xalq
artisti, muğam ifaçısı Mənsum İbrahimov filmdə
iştirak edənləri, hər kəsi birləşdirən
hissin vətən sevgisi olduğunu bildirdi: “Mən
Qarabağın Məcnunuyam. Mən səsi o torpaqdan
alıram. Mən o torpağın bir zərrəsi
olmasaydım, yəqin ki, bu gün mənim belə səsim
olmazdı. Qarabağda çox böyük sənətkarlar
yetişib. Filmdə “Leyli və Məcnun”a müraciət
olunması da təsadüfi deyil. Şərqin ilk
operasının müəllifi də məhz Qarabağda
yetişib. Bir sənətkar və muğam
ifaçısı kimi bu gün biz çox əziyyət
çəkirik. Çünki oradan çıxan ifalar bu
gün çox az tapılır. Biz Qarabağsız yaşaya
bilmərik. O torpaqları biz özümüz almalıyıq.
Bizim çox güclü ordumuz var. Torpaqlarımızı
geri aldıqdan sonra əvvəlki kimi o müqəddəs
torpaqlarda yeni nəfəs, yeni səslər doğulacaq”.
Türkiyənin
tanınmış müğənnisi, şair, bəstəkar
Əhməd Şəfəq Xocavəndə getdiyini və həmin
günü ömrünün ən gözəl günlərindən
hesab etdiyini bildirdi. Şairin sözlərinə görə, o,
Xocavəndə müğənni kimi deyil, Azərbaycan
övladı olaraq, bunu özünə borc bildiyi
üçün gedib: “Yaradıcılığım belədir
ki, on mahnı oxuyuramsa, onun beşi vətənə, beşi
isə sevgiyə aiddir. Hər zaman deyirəm ki, vətən
bizim ruhumuzun eşqi, eşq bizim ruhumuzun vətənidir. Xocavənddə
yediyim çörəyi heç bir yerdə yemədim. Mən
də bu vətənin övladıyam. Türkiyədə
doğulmuşam. Mənim üçün vətənin o
başı, bu başı yoxdur. Kim ki türk
torpaqlarını bir-birindən ayırır, onun qəlbində
bir miskin vardır. “Hər şey gözəl, hər şey yaxşıdır”
fikri ilə yaşamaqı düzgün bir düşüncə
hesab etmirəm. Bunları düşünməklə
torpaqları bərpa etmək olmaz. Bu fikirlə torpaq əldə
tutulmaz. Belə düşüncə millətlərə
qarşı mübarizədə uduzmağımıza səbəb
ola bilər. Belə filmlər çəkməklə, hər
kəsi təbliğatlandırmaqla millət bərpa olunur, vətənin
bütövlüyü əldə tutulur. Biz ictimaiyyətə
gedən bir yol tapmalıyıq. Mən Üzeyir Hacıbəyli
aşiqiyəm. Mən də onun kimi köşə
yazıları yazıram. Onun kimi siyasi yazılara müraciət
edirəm. Onun kimi musiqi bəstələyirəm. Allah mənə
nəsib edərsə, mən də onun kimi opera yazacağam. Mənim
idealım Üzeyir Hacıbəylidir. Məndən
soruşacaqsınız ki, Türkiyədə doğulub,
boya-başa çatan bir müğənninin idealı
Şuşada doğulub fəaliyyət göstərmiş bir
bəstəkar olarmı? Olar. Mən də bu vətənin
övladıyam. Filmdə ermənilərin Azərbaycan mədəniyyətinə
qarşı törətdikləri vəhşiliklərin hər
kəs izlədi. Düşünürəm ki, onların mədəniyyətləri
inkişaf etmədiyi müddətcə, biz bu təsvirlərin
şahidi olacağıq. Hər bir millət başqa bir millətin
mədəniyyətinə hörmət etməlidir, bu,
düşmən belə olsa. Mənim ən böyük arzum
isə, getdiyim o Xocavənd torpağında, Qarabağda konsert
verməkdir”.
Vətənpərlik
mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı
öz çıxışında bu kimi filmlər və layihələrin
bizi qələbəyə daha da yaxınlaşdırdığını,
ekranda o torpaqlara baxıb, köks ötürdüklərini
qeyd etdi və filmdə əməyi keçən hər kəsə
uğurlar arzuladı.
Publisist
və şair, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru
Elçin Mirzəbəyli atın həm güc, həm də
sürət göstəricisi hesab olunduğunu söylədi:
“Filmdə Sona xanımın “Sarı gəlin” şeiri ilə
sarı donlu Selcan xatunla bağlı mahnının
uyğunlaşdırılmasını maraqlı bir yanaşma
tərzi hesab edirəm. Belə filmlərin daha çox
olmasını arzulayıram”.
Layihənin
rəhbəri Bəxtiyar Qaraca hər bir vətəndaşın
əlində imkan olsa, belə layihələrə imza ata biləcəyini
və filmin çəkilişi zamanı əziyyət çəkən
hər kəsə minnətdarlığını bildirdi: “Hər
kəsin içərisində Qarabağ həsrəti,
Qarabağ yanğısı var. Düşünürəm ki,
bu filmlə onların daxili aləmlərində baş
daldıran o hissləri tamaşaçılara təqdim
etmiş hesab olunuruq”
Qeyd edək ki, filmin çəkilişləri Xocavənd rayonu ilə yanaşı, Bakıda, Şamaxıda və İsmayıllı rayonlarında aparılıb. Filmin ssenari müəllifi və rejissoru Kəmalə Mirzəyeva, operatorları Elxan Rüstəmov və Manaf Əzizli, inzibatçı Manaf Tağıyev, montaj rejissoru İsmayıl Əhmədiyyədir. Layihə rəhbəri Bəxtiyar Qaraca, baş məsləhətçisi Əflatun Amaşovdur.
Xəyalə Rəis
Kaspi.-2013.-11 iyun.-S. 9.